Tramp Oval kabinetdə keçirdiyi mətbuat konfransında bildirib: “Tamamlandıqda, “Qızıl Günbəz” hətta kosmosdan və dünyanın ən uzaq nöqtələrindən atılan raketləri belə məhv edə biləcək. Bu sistem indiyə qədər qurulmuş ən böyük və ən müasir müdafiə qalxanı olacaq”.
Trampın yanında olan müdafiə naziri Pit Heqset də Reyqanın “Ulduz müharibələri” təşəbbüsünü xatırladaraq deyib: “O zamanlar texnologiya yox idi, indi var. Və biz bu sayədə hipersəs raketlərindən PUA-lara qədər bütün təhdidlərə qarşı müdafiə təmin edəcəyik”.
Layihənin rəhbərliyinə Pentaqonun Kosmik Əməliyyatlar üzrə sədr müavini, general-leytenant Maykl Getlayn gətirilib. Tramp sistemin onun prezidentlik müddəti başa çatmadan tam gücü ilə işlək vəziyyətə gələcəyini vurğulayıb.
İsrailin “Dəmir Günbəz”i İlham Verib
Trampın bu layihəyə yönəlməsinin arxasında, 2024-cü ildə İranın İsrailə etdiyi hücumlarda “Dəmir Günbəz” sisteminin göstərdiyi uğurlu müdafiə performansı dayanır. Təxminən 300 raket və pilotsuz uçuş aparatını uğurla məhv edən İsrail sistemini nümunə göstərən Tramp “ABŞ-nin da öz günbəzi olmalıdır” çağırışını etmişdi.
Lakin okeanlarla əhatə olunmuş ABŞ-nin Kanada və Meksika kimi raket təhdidi olmayan qonşulara sahib olması bu təşəbbüsün bəzi mütəxəssislər tərəfindən lazımsız və populist bir addım kimi qiymətləndirilməsinə səbəb olub.
Trampın mitinqlərində bu çağırış izdiham tərəfindən böyük dəstək alır və bu, 2024 seçki kampaniyasının da əsas hissəsinə çevrilib. Yanvar ayında Tramp müdafiə naziri Heqsetə layihəyə başlamaq üçün göstəriş verən prezident fərmanını imzalayıb.
Fərmanda belə yazılıb: “Ballistik, hipersəs və qanadlı raketlər ilə digər inkişaf etmiş hava hücumları ölkəmizin üzləşdiyi ən böyük təhdidlərdir”.
Həcmi Naməlum, Büdcəsi Möhtəşəm
Layihənin hələ dəqiq həcmi müəyyən edilməyib. “Qızıl Günbəz” ABŞ-nin bütün ərazisini, yoxsa yalnız böyük şəhərləri qoruyacaq? Bu suallar hələ cavabsızdır.
Konqresin Büdcə İdarəsinin (CBO) qiymətləndirməsinə görə, sistemin kosmos əsaslı komponentlərlə birlikdə həyata keçirilməsi 20 il ərzində 161 milyard ilə 542 milyard dollar arasında xərc tələb edə bilər. Bu məbləğ Trampın elan etdiyi 175 milyard dollarlıq büdcəni xeyli üstələyə bilər.
Layihəyə qarşı çıxan tənqidçilər “Qızıl Günbəz”in mövcud müdafiə proqramlarını riskə ata biləcəyini bildirirlər. Məsələn, ABŞ Hərbi Hava Qüvvələri 1970-ci illərdən qalma 400 qitələrarası ballistik raketini yeniləmə prosesindədir. Belə nəhəng layihələrə resurs ayrılması digər müdafiə modernizasiya proqramlarını zəiflədə bilər.
Hipersəs və Kosmik Təhlükələr Gündəmdə
Çin və Rusiyanın hipersəs silahlar inkişaf etdirməsi və Rusiyanın kosmosda nüvə qabiliyyəti axtarışında olması müdafiə strategiyalarını mürəkkəbləşdirir. “Qızıl Günbəz”in 3,1-3,45 GHz tezlik aralığında çalışan radarlarla dəstəklənməsi planlaşdırılır. Lakin bu tezlik zolağının kommersiya istifadəsinə açılması sistemin bəzi komponentlərini riskə ata bilər.
Tramp Mitinqlərdə Böyük Sözlər Verir: “Tarixin Ən Böyük Qalxanını Tikəcəyik”
Tramp iyun ayında Viskonsində keçirilən mitinqdə belə demişdi: “Növbəti prezidentlik dövrümdə, tamamilə Amerikada istehsal ediləcək, son texnologiyaya əsaslanan böyük bir müdafiə qalxanı quracağıq. Bu, tarixdə görülmüş ən böyük günbəz olacaq”.
Tramp tez-tez keçmişdə İsrailə bu sistemi inkişaf etdirmək üçün 3 milyard dollar dəstək verdiyini vurğulayaraq, indi ABŞ-nin də öz hava qalxanına ehtiyac duyduğunu müdafiə edir.
Sevinc Əliyeva
Ordu.az